Dəliqardaş – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər şəhərindən 6 km cənubda, Kəvər çayının yanında, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışlar. 1828–1830-cu və 1877–1878-ci illərdə Türkiyənin Bəyazid vilayətindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 15 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim qədim türk tayfalarından biri olan “tele” (→dəli) etnoniminə “qardaş” sözünün artırılması yolu ilə əmələ gəlmişdir.
Kəndin adı 1920-ci ildə dəyişdirilərək “Saruxan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°17′ şm. e., 45°08′ ş. u.