Dədəli

Dədəli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 49 km şimal-şərqdə, Alagöz dağının qərb ətəyində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb yerləşdirilmişlər.

Toponim təkə türk tayfasının bir tirəsi olan “dədə” etnoniminə mənsubluq bildirən “-li” şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı. Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, İrəvan əyalətinin sərhədində yaylayırdı. “Dədə tayfasının yaşadığı kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Yexnik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°24′ şm. e., 43°56′ ş. u.