Dərəkənd

Dərəkənd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, indi Şirak vilayəti ərazisində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 41 km cənub-qərbdə, Gümrü–Sərdərabad (Hoktemberyan) yolunun üstündə, dəniz səviyyəsindən 1460 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Ermənilər bura 1828–1829-cu illərdə Türkiyənin Ələkgird, Bitlis və Muş vilayətlərindən köçürülmüşdür.

Toponim Azərbaycan dilində “iki dağ arasında dərin çuxur” mənasında işlənən “dərə” sözü ilə “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 fevral 1947-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Baqravan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°28′ şm. e., 44°40′ ş. u.