Dərəkənd

Dərəkənd – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Arpa çayının yaxınlığında, Kəlləqaya dağının ətəyində yerləşirdi. Kəndin digər adları “Dərələr”, “Daraxkənd” olmuşdur.

Kənddə 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 62 nəfər, 1897-ci ildə 77 nəfər, 1904-cü ildə 105 nəfər, 1914-cü ildə 105 nəfər, 1916-cı ildə 112 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 44 nəfər, 1926-cı ildə 27 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1928–1929-cu illərdə azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmış və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə dərin çuxur” mənasında işlənən “dərə” sözü ilə türk dilində “yaşayış yeri” mənasında işlənən “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir.