Cucevan

Cucevan – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 42 km şimal-qərbdə, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin 1873-cü ildə salındığı göstərilir. Bu, həqiqətə uyğun deyil. Belə ki, kənddə XII–XIII əsrlərə aid tarixi abidələr (türk qəbirləri, qala divarları) vardır.

Toponim Çingiz xanın böyük oğlu Cucinin adı ilə bağlı yaranan ulusun adını əks etdirən “cuce” sözü ilə urartu dilində “ölkə”, “yer” mənasını bildirən “ebani” (ubani) sözü əsasında formalaşan “van” (→ban) sözünün birləşməsindən əmələ gəlib “cuci tayfasının ölkəsi, yaşadığı yer” mənasını ifadə edir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°07′ şm. e., 45°00′ ş. u.