Cücəkənd

Cücəkənd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 52 km məsafədə, dəniz səviyyəsindən 1590 m hündürlükdə yerləşir. İlməzli kəndinin yaxınlığında bir-birinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə, dəniz səviyyəsindən 1590 m hündürlükdə yerləşir. Monqol istilası zamanı bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq “y” səsi düşmüş, Cüycikənd “i~ə” səsəvəzlənməsi nəticəsində “Cücəkənd” formasında qalmışdır.

Kənddə 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 210 nəfər, 1914-cü ildə 468 nəfər, 1916-cı ildə 399 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar deportasiyaya məruz qalmışlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinləri öz ocaqlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 474 nəfər, 1926-cı ildə 498 nəfər, 1931-ci ildə 623 nəfər, 1939-cu ildə 746 nəfər, 1959-cu ildə 873 nəfər, 1979-cu ildə 1334 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Qızıl Şəfəq”, Ermənistan prezidentinin 8 avqust 1991-ci il tarixli fərmanı ilə kəndin adı yenə dəyişdirilərək “Cyunaşoğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°11′ şm. e., 44°11′ ş. u.