Çorlu – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Kəndin adı Çırpılı, Bostançı xaraba formalarında da qeyd edilir. Vilayət mərkəzi Gümrü şəhərindən 25 km şimalda, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.
Toponim türk mənşəli “çor” etnoniminə mənsubluq bildirən “-lu” şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. “Çor tayfasının kəndi, yaşayış yeri” mənasını bildirir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lernatsk”, 21 oktyabr 1967-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Lernaqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°57′ şm. e., 43°55′ ş. u.