Coğaz

Coğaz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Kəndin qədim adı Cuğaz olmuşdur. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 22 km şimalda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir.

Toponim qədim türk dilində su sözünün fonetik forması olan “cu” (→ co) sözü ilə, “ğas//qaz//xaz” qədim türk etnoniminin variantı olan “ğaz” (← xaz ← qaz ← qas) etnonimi əsasında əmələ gəlmişdir. Bu etnonim Qazax, Qafqaz toponimlərində öz izini aydın şəkildə qoruyub saxlamışdır. Su mənasında işlənən “cu//co” sözü, cuvar sözündə “cu”, erməni dilində “cur” (su) sözündə “cu” formalarında öz əksini tapmışdır. Eyni zamanda, “Azərbaycan dilində gildən, saxsıdan, şüşədən düzəldilən darboğazlı su qabı” mənasında işlənən “cürdək” sözünün ilk komponenti “cü” də “su” sözünün fonetik formasıdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Berkaber” qoyulmuşdur. Kənd “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°03′ şm. e., 45°08′ ş. u.