Çobanmaz

Çobanmaz – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 49 km şimalda, Hədis dağının ətəyində, Göykilsə (Kaputan) kəndinin yaxınlığında, dəniz səviyyəsindən 2150 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Çobangöməz”, “Çobangörükməz”, “Çobangərəkməz” formalarında da qeydə alınmışdır. Qafqazın beşverstlik xəritəsində “Çobangyərəkməz” formasında əksini tapmışdır.

Kənddə 1873-cü ildə 24 nəfər, 1886-cı ildə 36 nəfər, 1897-ci ildə 77 nəfər, 1905-ci ildə 88 nəfər, 1914-cü ildə 97 nəfər, 1916-cı ildə 96 nəfər azərbaycanlı yaşamışdır. 1850-ci ildə Qarsdan ermənilər, 1877–1878-ci il rus-türk müharibəsi zamanı Türkiyədən kürdlər köçürülərək bu kənddə yerləşdirilmişlər. 1918-ci ilin yazında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim çoban türk etnoniminə “təpə” mənasında işlənən “mar” sözünün fonetik variantı olan “maz” sözünün qoşulması nəticəsində əmələ gəlmişdir. Türk dillərində, o cümlədən Azərbaycan dilində söz sonunda “r~z” səsəvəzlənməsi (gör–göz, yor (maq) – yoz (maq)) qanunauyğun haldır. Deyilənlərdən bir daha bu qənaətə gəlinir ki, “mar” və “maz” eyni mənalı sözlərdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Avşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°43′ şm. e., 44°17′ ş. u.