Çiydəmli

Çiydəmli (Ciğdamlı) – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 3 km şimal-qərbdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Kəndin başqa adı “Cilçay”dır. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Çidəmli”, “Cidamlı”, “Cifdamlı” formalarında da göstərilir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Ciğdəmli”, Qafqazın beşverstlik xəritəsində “Ciğdamlı” formasında qeydə alınmışdır.

Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışlar. Ermənilər bura 1828–1829-cu illərdə İranın Səlmas vilayətindən köçürülmüşdür. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 155 nəfər, 1886-cı ildə 161 nəfər, 1897-ci ildə isə 135 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq kənddən deportasiya olunmuşlar. Hazırda burada ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “həsir toxunmasında istifadə olunan parlaq gözəl çay bitkisi” mənasında işlənən “cıq” sözünə mənsubluq bildirən “-lı” şəkilçisinin qoşulduğu “ev, bina, tikili” mənasında işlənən “dam” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Azatavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°59′ şm. e., 44°30′ ş. u.