Çiydəməl (Çikdamal) – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 20 km şimal-qərbdə, Pəmbək çayının yanında, Çubuxlu dağının ətəyində, dəniz səviyyəsindən 1930 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Böyük Qarakilsə (Quqark) rayonunun tərkibində olmuşdur. 31 dekabr 1937-ci ildə yaradılan keçmiş Hamamlı (Spitak) rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kənddə e.ə. I minilliyə aid qala divarlarının qalıqları vardır.
Ermənilər bura 1828–1829-cu illərdə İranın Maku vilayətindən köçürülmüşdür. Burada 1897-ci ildə ermənilərdən başqa 7 nəfər azərbaycanlı yaşamışdır. Onlar XXəsrin əvvəllərində sıxışdırılaraq kənddən çıxarılmışdır. Hazırda tamamilə ermənilər yaşayırlar.
Toponim türk dilində “sərhəd, mərz” mənasında işlənən “çik” sözü ilə Azərbaycan dilində “ev, bina, tikili”, “bir ya iki tərəfi açıq, üstüörtülü yer, tikili”, “pəyə, dəyə, qazma” mənasında işlənən “dam” sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimin sonundakı “al” topoformantdır. “Çik” sözü türk dilində “dar dərə” mənasında da işlənir. “Sərhəddə yerləşən ev, yaşayış məntəqəsi, kənd” mənasını bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Arevaşoq” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°51′ şm. e., 44°16′ ş. u.