Çivinli – keçmiş Qars vilayətinin Qars qəzasında, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 37 km məsafədə, Türkiyə ilə Gürcüstanın sərhədində, dəniz səviyyəsindən 2125 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə azərbaycanlıların etnoqrafik qruplarından olan qarapapaqlar yaşamışdır. Tarixi ədəbiyyatda bu kəndin adı Gülüseyran kimi də keçir. Kənddə 1905-ci ildə 270 nəfər, 1914-cü ildə 350 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci il ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində dağıdılmış, əhalisi Qars vilayətinin kəndlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsindən sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. 1922-ci ildə kənddə 234 nəfər, 1926-cı ildə 294 nəfər, 1931-ci ildə 324 nəfər, 1939-cu ildə 349 nəfər, 1959-cu ildə 301 nəfər, 1970-ci ildə 522 nəfər, 1979-cu ildə 566 nəfər, 1987-ci üdə 534 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında azərbaycanlılar Ermənistan hökuməti tərəfindən qovulmuşdur. İndi kənddə ermənilər yaşayırlar.
Yaşayış məntəqəsinin adı kəngərli tayfasının bir qolunu təşkil edən “cinli” (qədim forması “cen”dir) türk etnonimi əsasında formalaşmışdır. Görünür, “cinli” etnoniminə “v” səs birləşməsi sonradan əlavə edilərək çivinli formasına düşmüşdür.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Yeğnacur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°05′ şm. e., 43°33′ ş. u.