Çivə – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 20 km qərbdə, Arpaçayın sağ qolu olan Yelpin çayının hər iki sahilində, dəniz səviyyəsindən 1250 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 29 nəfər, 1873-cü ildə 294 nəfər, 1886-cı ildə 431 nəfər, 1897-ci ildə 689 nəfər, 1904-cü ildə 562 nəfər, 1914-cü ildə 612 nəfər, 1916-cı ildə 758 nəfər, 1919-cu ildə 1200 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin axırlarında azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanları ata-baba yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 391 nəfər azərbaycanlı, 1926-cı ildə 367 nəfər azərbaycanlı, 94 erməni, 1931-ci ildə 367 nəfər azərbaycanlı, 221 erməni yaşamışdır. Ermənilər burada kütləvi şəkildə 1926-cı ildən məskunlaşıblar. SSRİ hökumətinin qərarı ilə 1948–1950-ci illərdə bu kəndin əhalisi də zorla Azərbaycana köçürülmüşdür. 1953-cü ildən sonra onların bir hissəsi yenidən kəndə qayıtsa da, 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim yivə türk tayfa adının fonetik forması olan “çivə” etnonimi əsasında yaranmışdır. Türk dillərində “y~ç” paralelləri geniş şəkildə özünü göstərir. “Yarğan”, “hündür qaya”, “dik sahil” mənalarında işlənən “yar”, “çar” sözlərindəki “y~ç” səsəvəzlənməsi buna aydın misaldır.
Hazırda erməni dilində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Çiva” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°46′ şm. e., 45°08′ ş. u.