Çırçır

Çırçır – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Yelenovka (Sevan) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 35 km şimal-qərbdə, Göyçə gölünün sahilində, Zəngi çayının yanında, dəniz səviyyəsindən 1915 m hündürlükdə yerləşir. Rayon təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi keçmiş Axta (Hrazdan) rayonunun tərkibində olmuşdur. Kəndin digər adı “Sutökülən” olmuşdur. Erməni müəlliflərinin əsərlərində, Qafqazın beşverstlik xəritəsində “Çirçir” formasında qeydə alınmışdır.

Toponim Azərbaycan dilində “kiçik şəlalə” mənasını ifadə edən şırşır sözünün dialekt variantı olan “çırçır” (çirçir) sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin dialekt və şivələrində, türk dillərində “ş~ç” səs əvəzlənmələri qanunauyğun haldır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilib “Varser” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°33′ şm. e., 44°54′ ş. u.