Çıraxor – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafandan 12 km şimal-qərbdə, Oxçuçayın sağ sahilində yerləşmişdir. Kəndin başqa adı “Şamlar” olmuşdur.
Kənddə 1897-ci ildə 18 nəfər, 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 26 nəfər, 1931-ci ildə 34 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar.
Toponim türk dilində “su mənbəyi”, “bulaq”, “qaynaq, çeşmə” mənasında işlənən “çerak” sözünün fonetik forması olan “çırax” sözü ilə türk dilində “xəndək, çuxur”, “təpə”, “qala istehkamı”, “qala səddi, bəndi” mənasında işlənən “or” sözünün birləşməsindən əmələ gəlmişdir. Hazırda xarabalıqdır.