Çıraqlı

Çıraqlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonundakı, Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 18 km cənub-qərbdə, dəniz səviyyəsindən 1820 m hündürlükdə yerləşir. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tərkibində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilər kəndə 1828–1829-cu illərdə Türkiyənin Ərzurum, Xnıs və Muş vilayətlərindən köçürülmüşlər.

Toponim “çiraq” (←şirak ←sirak) etnoniminə “-lı” mənsubluq bildirən şəkilçisinin artırılması ilə əmələ gəlib “çiraq (şirak-sirak) tayfasına mənsub yaşayış yeri, kənd” deməkdir. Qızılbaş tayfalarından birinin adı da “çıraqlılar”dır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Crarat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 43°55′ ş. u.