Çimənkənd

Çimənkənd – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 26 km cənub-şərqdə, dəniz səviyyəsindən 1075 m hündürlükdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonunun mərkəzi idi. 1948–1949-cu illərdə Qarabağlar rayonunun ləğvi ilə əlaqədar keçmiş Vedi rayonunun tabeliyinə verilmişdir. Qafqazın beşverstlik xəritəsində “Cmankend” formasında qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904-cü ildə 1725 nəfər, 1914-cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1920-ci ildən sonra Türkiyədən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 erməni yaşamışdır. Sonrakı illərdə kəndin əhalisi ümumi şəkildə (ermənilərlə azərbaycanlılar birlikdə göstərilmişdir) qeydə alınmışdır. 1972-ci ildə burada 1917 nəfər əhali olmuşdur. Onun 90%-i azərbaycanlılar idi. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim çəmənlik, otluq mənası bildirən “çimən” (çəmən dialektlərimizdə çimən formasında işlənir) sözü ilə yaşayış məntəqəsi mənasında işlənən “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Urcadzor” qoyulub. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°54′ şm. e., 44°49′ ş. u.