Çiləxanlı

Çiləxanlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin adı erməni mənbələrində “Çilixanlı”, “Çinaxanlı”, “İrəvan əyalətinin icmal dəftəri”ndə “Çinəxan” formasında qeydə alınmışdır. Kənddə qazaxlar türk tayfasından olan qafarlı tayfası yaşamışdır.

Kənddə 1831-ci ildə 237 nəfər, 1873-cü ildə 535 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə 698 nəfər, 1904-cü ildə 752 nəfər, 1914-cü ildə 827 nəfər, 1916-cı ildə isə 866 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 220 nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim muğanlı türk tayfasından olan çilovxanlı (“çilovxanlı” nəsil adı danışıq dilinin qanunlarına uyğunlaşdırılaraq “çiləxanlı” formasına düşmüşdür) nəsil adı əsasında əmələ gəlmişdir.