Ceyranlı

Ceyranlı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Arpa çayının sağ qolu olan Muradtəpəsu çayının yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 91 nəfər, 1886-cı ildə 84 nəfər, 1897-ci ildə 92 nəfər, 1904-cü ildə 123 nəfər, 1914-cü ildə 135 nəfər, 1916-cı ildə 150 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində heyvan anlayışı bildirən “ceyran” sözünə “-lı” şəkilçisini artırmaqla əmələ gəlmişdir.