Çaykənd

Çaykənd – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Paşalı (Əzizbəyov, Vayk) yaşayış məntəqəsindən 12 km şimal-şərqdə, Arpa çayının yaxınlığında yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 78 nəfər, 1873-cü ildə 110 nəfər, 1886-cı ildə 78 nəfər, 1897-ci ildə 166 nəfər, 1904-cü ildə 129 nəfər, 1914-cü ildə 141 nəfər, 1916-cı ildə 143 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar doğma yerlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 35 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 151 nəfər yalnız azərbaycanlılar yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində işlənən “çay” və “kənd” sözlərinin birləşməsindən əmələ gəlib “çayın sahilində olan yaşayış məntəqəsi” mənasını ifadə edir.