Çaykənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 97 km şimalda, Tərsa çayının sahilində, Çəmbərək (Krasnoselsk) – Dilican – Karvansara (İcevan) yolunun üstündə, dəniz səviyyəsindən 1240 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin əsası 1778-ci ildə qoyulmuşdur.
Kənddə 1897-ci ildə 754 nəfər, 1904-cü ildə 660 nəfər, 1914-cü ildə 677 nəfər, 1916-cı ildə 772 nəfər, 1919-cu ildə 847 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin yazında kəndin azərbaycanlı sakinləri erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan çaykəndlilər öz kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə burada 569 nəfər, 1926-cı ildə 616 nəfər, 1931-ci ildə 662 nəfər, 1939-cu ildə 893 nəfər, 1959-cu ildə 809 nəfər, 1970-ci ildə 1140 nəfər, 1979-cu ildə 1112 nəfər, 1987-ci ildə 1110 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşdur. Hazırda burada ermənilər yaşayırlar.
Kənd çayın qırağında salındığı üçün Çaykənd adlandırılmışdır.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Dprabak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°41′ şm. e., 45°07′ ş. u.