Çaxırlı

Çaxırlı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 76 km cənub-şərqdə, Göyçə gölünün cənub-şərq sahilində, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 212 nəfər, 1873-cü ildə 770 nəfər, 1886-cı ildə 1020 nəfər, 1897-ci ildə 1204 nəfər, 1908-ci ildə 1349 nəfər, 1914-cü ildə 1653 nəfər, 1916-cı ildə 1501 nəfər, 1919-cu ildə 85 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin yazında azərbaycanlılar erməni silahlılarının təcavüzünə məruz qalaraq yaşayış yerlərini tərk etmişlər. 1919-cu ilin sentyabr-oktyabr aylarında kənddə yaşayan azərbaycanlılar axır nəfərinə kimi ata-baba torpaqlarından deportasiya olunmuşlar. 1915–1918-ci illərdə Türkiyənin Muş, Van və Ərzurum vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanları öz doğma torpaqlarına qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 679 nəfər, 1926-cı ildə 763 nəfər, 1931-ci ildə 975 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövlətinin yeritdiyi siyasət nəticəsində tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda orada yalnız ermənilər yaşayırlar.

Toponim “çaxırlı” türk etnonimi əsasında əmələ gəlmişdir. F.Sümər qaraqoyunlu türk tayfasının da əsas boylarından birinin çəkürlü olduğunu göstərir. Deməli, “Çaxırlı” toponimi “çaxırlı//çəkürlü” etnonimi əsasında əmələ gəlmişdir və “çaxırlı” “çakırlı//çəkürlü” etnoniminin fonetik formasıdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Sovetakert”, Ermənistan Respublikası prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Xaçaxbyur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°10′ şm. e., 45°41′ ş. u.