Çatqran

Çatqran – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, hazırkı Araqatsotn vilayətinin vilayətinin ərazisində mövcud olmuş kənd. Zəngi çayının yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 368 nəfər, 1886-cı ildə 413 nəfər, 1897-ci ildə 630 nəfər, 1908-ci ildə 667 nəfər, 1914-cü ildə 807 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni daşnak silahlı birləşmələrinin soyqırımına məruz qalaraq didərgin salınmışlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdilər. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə 88 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948–1949-cu illərdə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq Azərbaycana köçürülmüşdür. Kənd 1953-cü ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk dilində “iki çayarası yer”, “yarğanın kənarı”, “dağın beli, dağ çıxıntısı, iki dərəni birləşdirən yer, yarğanları və dərələri olan alçaq sıra dağ, tirə” mənasında işlənən “çat” sözü ilə “hərbi düşərgə”, “həyət”, “hasarlanmış, çəpərlənmiş yer”, “hasar”, “düşərgə”, “hərbi düşərgə”, “mənzil, ev”, “karvansara” mənasında işlənən “kuran” (→qran) sözünün birləşməsindən əmələ gəlmişdir.