Çatmadağ

Çatmadağ – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin bir adı da Çatmadaş olmuşdur. Qafqazın beşverstlik xəritəsində “Çatma” formasında qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 41nəfər, 1886-cı ildə 57 nəfər, 1897-ci ildə 162 nəfər, 1904-cü ildə 51 nəfər, 1914-cü ildə 178 nəfər, 1916-cı ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 18 nəfər, 1931-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xaraba kənddir.

Toponim Azərbaycan dilində “bir istiqamətdə yanaşı” mənasında işlənən “çatma” sözünə “dağ” sözünün qoşulması yolu ilə əmələ gəlib “bir istiqamətdə yanaşı dağ yaxınlığında salınan kənd” mənasını ifadə edir.

Kəndin adının ikinci komponenti “dağ//daş” sözləri sonralar ixtisar edilərək rəsmi sənədlərdə “Çatma” formasında işlədilmişdir.