Canfəda (Canfida) – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 13 km cənubda, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 865 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Canfəda” kimi, Qafqazın beşverstlik xəritəsində “Canfida” formasında qeyd olunmuşdur. XVIII əsr mənbəyində göstərilir ki, kənddə oğuzların reyhanlı tayfası yaşamışdır.
Kənddə 1831-ci ildə 283 nəfər, 1873-cü ildə 999 nəfər, 1886-cı ildə 1165 nəfər, 1897-ci ildə 1071 nəfər, 1908-ci ildə 1172 nəfər, 1914-cü ildə 1244 nəfər, 1916-cı ildə 1384 nəfər, 1918-ci ildə 1318 nəfər, 1919-cu ildə isə 1815 nəfər yalnız azərbaycanlılar yaşamışlar. 1919-cu ilin sonlarında kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmışdır. Kənd sakinləri – azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşlar. Kənddə Türkiyənin Ələşkirt, Sasun, Muş, Malazgird vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°02′ şm. e., 44°01′ ş. u.