Cahangir Əliyev

Ermənistan K(b)P MK, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzetinin redaktoru 1981–1985-ci illərdə Cahangir Əliyev olmuşdur. O, 1931-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun (Ağbaba mahalı) Düzkənd kəndində anadan olmuşdur. 1952–1954-cü illərdə rayon Komsomol Komitəsinin ikinci, sonra isə birinci katibi işləmişdir. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra 1956–1962-ci illərdə Amasiya rayonunda çıxan “Kolxozçu tribunası” qəzetinin redaktoru olmuşdu. 1962–1964-cü illərdə Bakı Ali Partiya Məktəbində təhsil aldıqdan sonra rayonlararası “Şirak” qəzetinin redaktor müavini, daha sonra Amasiya rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1965–1969-cu illərdə Amasiya rayon Soveti İcraiyyə Komitəsinin sədri, sonra Ermənistan K(b)P MK-nın təbliğat və təşviqat şöbəsində təlimatçı, 1974–1981-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. O, 1982–1984-cü illərdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 1984-cü ildə Bakıya köçmək məcburiyyətində qalan Cahangir Əliyev əvvəlcə Azərbaycan K(b)P MK aparatında mətbuat bölməsində işləmiş, 1991-ci ildən ömrünün sonunadək “Xalq qəzeti”ndə çalışmışdır.