Cağatay

Cağatay – keçmiş İrəvan quberniyasının, Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Arpaçayın yaxınlığında yerləşirdi. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni mənbələrində kəndin adı “Cağata” formasında da qeyd edilir.

Kənddə 1831-ci ildə 30 nəfər, 1873-cü ildə 70 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 98 nəfər, 1904-cü ildə 94 nəfər, 1914-cü ildə 103 nəfər, 1916-cı ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq didərgin salınmışdır. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır. Onlar 1923-cü ildə sıxışdırılaraq kənddən çıxarılmışdır. 1925-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim kəngərli türk tayfasının bir qolunu təşkil edən “cığatay” etnonimi əsasında yaranmışdır.