“1951-ci ildə Uluxanlı rayonunun Aşağı Necili kəndində anadan olmuşam. Atam Məşədi Həsən Çanaqqala savaşında səngər qazılmasında iştirak edib və yaralanıb. Atam 1898-ci il, anam isə 1906-cı ildə anadan olmuşdur. Valideynlərim ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin şahidləri olmuşdurlar. Uluxanlı rayonunun adı ermənilər tərəfindən 4 dəfə dəyişdirilmişdir. Bizim kəndin qırağından Zəngi çayı axdığı üçün Zəngibasar adlanmışdır. Zəngi çayı isə Araza tökülürdü. Həmin çayın üzərində Sarı Hüseyn körpüsü olmuşdur. 1969-cu ildə evlənib, İrəvan şəhərinə gəlin köçmüşəm. Anamın özüdə İrəvanlı idi. Yoldaşımın dayısı Hüseyn kişi danışırdı ki, İrəvanda bir nəfərdə olsun erməni olmayıbdır. Həmin vaxtlar İrəvan şəhərində 7-8 məscid olmuşdur, müsəlmanların müqəddəs günü – Cümə günü cümə namazı qılınırdı. Şəhərimizdə karvansaraylar olmuşdur. Dəvəyatağı deyilən yerdə ermənilər sonradan univermaq tikdilər. Həmin karvansaraylarda İran və Türkiyədən gələn karvanlar da qonaqlayırdı. Ermənilər bu planları 70 ildə hazırlayıblar. Qaynım Hüseynov Cəlil Rza oğlu həmişə deyirdi ki, 24 aprel günü xəstəxana və bazarlara getməyin. Çünki həmin gün ermənilər üçün “intiqam” günü idi. 24 aprel tarixində Uluxanlı rayonunun Aşağı Necili kəndinə hücum etdilər. Toy qazanlarını devirdilər. Kənd camaatı isə Türkiyə sərhədinə qaçaraq, kömək istədilər. Həmin günü İrəvana qayıdanda erməni qonşumuz dedi ki, sən niyə 24 aprel günü toya getdin? Bunun hamısı uzun illərin planları idi və ermənilərin hamısı bu planı yaxşı bilirdilər. İrəvanda olduğum zaman 6 bloklu binada yaşayırdıq. Uşaqlarımız həyətdə oynamağa həsrət qalmışdılar. Övladlarımıza türk deyərək döyüb söyürdülər. Ona görə də biz 1988-ci ilin deportasiyasından əvvəl kəndimizi tərk etdik. 1988-ci ilin mart ayında ermənilər hücum edərək Uluxanlıdakı kəndimizdən bizi qovdular. Novruz bayramı ərəfəsində bizim bayramımızı qara bayram etdilər. Anam deyirdi ki, kəndimizin yanında yerləşən qamışlıqda gizləndik. Gecəni qamışlıqda keçirib, səhər min bir əzab-əziyyətlə qaçdıq. Qardaşımın evinə partlayıcı maddələr qoymaq istəyirdilər. Bacım qızının evini tamamilə yandırdılar. Evlərimizi yandırdılar və bizi didərgin saldılar. Qonşu Yuxarı Necili kəndinin dükanını işlədən şəxsi yolda öldürdülər. İnsanları dəmir borulara doldurub, qaynaqla qapağını bağlayıb, vəhşicəsinə qətlə yetirdilər. Valideynlərimin və qardaşımın qəbirləri kəndimizdə qaldı. Qohum-əqrəbalarım isə Azərbaycanın çox sayda rayonlarına köç edərək, səpələnmiş halda yaşamağa başladılar.”