Cəfərabad – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 13 km cənub-qərbdə, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 880 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.
Tarixən burada azərbaycanlılar yaşamışdır. Kəndə ermənilər, əsasən, 1917–1918-ci illərdə Türkiyənin Xoy, Sürməli, Muş vilayətlərindən köçürülmüşdür.
Toponim Cəfər şəxs adı ilə fars dilindən Azərbaycan dilinə keçən “abad” sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Getaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°02′ şm. e., 43°56′ ş. u.