Cəfərabad

Cəfərabad – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 27 km şimal-qərbdə, dəniz səviyyəsindən 877 m hündürlükdə yerləşir. İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində Əmir Səəd məqbərəsi yerləşir. 1413-cü ildə inşa edilən məqbərə qırmızı tuf daşdan inşa edilmişdir. Məqbərədə Qaraqoyunlu əmirlərindən Çuxur Səədin ilk hakimi Əmir Səəd dəfn edilmişdir. 1937-ci ildə Zəngibasar rayonu təşkil edilənədək Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun tərkibində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim Cəfər şəxs adı ilə fars dilində “müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan yer” mənasında işlənən “abad” sözündən əmələ gəlmişdir. Antropotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Arqavand” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 44°26′ ş. u.