Cənnətli

Cənnətli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayəti ərazisində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 16 km şimal-şərqdə, Gərni çayının sahilində, dəniz səviyyəsindən 965 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Cahadlu” formasında da qeyd edilir.

Kənddə 1831-ci ildə 59 nəfər, 1873-cü ildə 173 nəfər, 1886-cı ildə 189 nəfər, 1897-ci ildə 219 nəfər, 1904-cü ildə 184 nəfər, 1914-cü ildə 228 nəfər, 1916-cı ildə 260 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Xaricdən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə isə 114 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–1949-cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla tarixi torpaqlarından Azərbaycana köçürülmüşlər. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim nəsil adı əsasında yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək əvvəlcə “Zovaşen” 21 oktyabr 1967-cı il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Lancazat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°03′ şm. e., 44°34′ ş. u.