Cəlaloğlu

Cəlaloğlu – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, hazırda isə Tavuş vilayətində şəhər. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 26 km məsafədə, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir.

Kənd IX əsrədək Quqark əyalətinin Taşir qəzasının tərkibində, IX əsrdə Lori hakimiyyəti altında olmuşdur. 1089–1125-ci illərdə rayonun ərazisi gürcü padşahı Davidin hakimiyyətinə tabe olmuşdur. 1801-ci ildə Gürcüstanın Rusiyanın tərkibinə daxil olması ilə əlaqədar rayonun ərazisi Tiflis quberniyasının tərkibində Rusiyanın tabeliyinə keçmişdir. 1919-cu ildən 1920-ci ilin noyabrınadək Loriyə daxil olmuş, İndiki Ermənistan ərazisində 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Lori qəzasının tərkibində Ermənistanın tabeçiliyinə keçmişdir. 1930-cu il sentyabr 9-da Cəlaloğlu rayonu yaradılmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim qızılbaşların tayfasından olan Əmir Məhəmməd bəy Cəlaloğlunun adı əsasında yaranmışdır. Həmin kənd çəpni türk tayfasının əmiri Məhəmməd bəy Cəlaloğluna mənsub olduğu üçün Cəlaloğlu kəndi adlanmışdır. Antropotoponimdir.

İndiki Ermənistan SSR Torpaq Komitəsinin 1923-cü il qərarı ilə adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırımı təşkil etmiş Stepan Şaumyanın adına uyğun olaraq “Stepanavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°00′ şm. e., 44°23′ ş. u.