Bunud

Bunud (Bunut Qaratorpaq) – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. İrəvandan 85 verst məsafədə, Cığın dərəsində, Cığınsu çayının yaxınlığında, Topdağ dağının ətəyində yerləşir.

Kənddə 1873-cü ildə 178 nəfər, 1886-cı ildə 173 nəfər, 1897-ci ildə 161 nəfər, 1904-cü ildə 397 nəfər, 1914-cü ildə 437 nəfər, 1916-cı ildə 215 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1923–1925-ci illərdə azərbaycanlılar öz kəndlərinə dönə bilmişdilər. 1926-cı ildə burada 35 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə azərbaycanlılar qovularaq kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “soy, nəsil” mənasında işlənən “bun” sözünə “-ud” şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir.