Bulxeyir

Bulxeyir – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 14 km şimalda, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində, dəniz səviyyəsindən 1875 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Bulxeyir”, 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Əbülxeyir”, Qafqazın beşverstlik xəritəsində “Blxer” formalarında qeydə alınmışdır. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Plxer”, “Bulxayır” kimi də göstərilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.

“Bulxi” etnoniminə türk dilində “igid, qoçaq”mənasında işlənən “ər” sözünün qoşulması əsasında “bulxer” etnonimi yaranmışdır. “Bulxer” “bulqar” etnoniminin fonetik variantıdır. Toponim “bulxer” etnonimindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şenavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°28′ şm. e., 44°22′ ş. u.