Bulaqlı

Bulaqlı (Həbilkənd) – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Zəngibasar (Masis) yaşayış məntəqəsindən 8 km cənubda yerləşir. 1969-cu ilə kimi, keçmiş Zəngibasar (Masis) rayonu təşkil edilənədək, keçmiş Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur.

Kənddə 1831-ci ildə 85 nəfər, 1873-cü ildə 183 nəfər, 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 234 nəfər, 1908-ci ildə 256 nəfər, 1914-cü ildə 376 nəfər, 1916-cı ildə 228 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri 1922–1925-ci illərdə öz yurdlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 36 nəfər, 1931-ci ildə 75 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə onların bir hissəsi yenidən öz kəndlərinə qayıtmışdır. Kənddə bir neçə ailə müsəlman kürdlər də məskunlaşmışdı. 1988-ci ilin noyabr ayında Ermənistan dövləti bir daha onları zorla doğma yurdlarından deportasiya etmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim kəndin salındığı ərazidə bulaqların mövcud olması ilə bağlıdır. Bulaqlı yer mənasını ifadə edir.

Kəndin adı 1920-ci illərdə dəyişdirilərək “Həbilkənd” adlandırılmışdır. Sonra kənd yeni yaradılan Kalinin qəsəbəsinə birləşdirilmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə qəsəbənin adı dəyişdirilərək “Noramarq” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°01′ şm. e., 44°25′ ş. u.