Bulaqlar

Bulaqlar – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətin ərazisindəki Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi.

Kənddə 1873-cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904-cü ildə 132 nəfər, 1914-cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Yalnız Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir.

1949-cu ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Kənd çoxlu bulaq olan yerdə salındığı üçün “Bulaqlar” adlandırılmışdır.