Buğdaşen

Buğdaşen – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 41 km cənub-qərbdə, Gümrü–Qurduqulu (Hoktemberyan) yolunun üstündə, Arpaçayın yaxınlığında, dəniz səviyyəsindən 1460 m hündürlükdə yerləşir.

Burada XIX əsrin 30-cu illərinə qədər azərbaycanlılar yaşamışdır. Ermənilər bura 1828–1829-cu illərdə Türkiyənin Ələşkirt, Ərzurum, Bitlis və Muş vilayətlərindən köçürülmüşlər.

Toponim “buğda” və qədim türk dilində “kənd”, “yaşayış yeri” mənasında işlənən “şenlik” mənasını ifadə edən “şen” sözündən formalaşmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 dekabr 1947-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Baqravan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°28′ şm. e., 43°43′ ş. u.