Buğakar

Buğakar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) yaşayış məntəqəsindən 12 km şimal-qərbdə, Mehri (Mığrı) çayının sahilində yerləşirdi.

Kənddə 1897-ci ildə 139 nəfər, 1904-cü ildə 194 nəfər, 1914-cü ildə 96 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 44 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 41 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə kənd ləğv edilmişdir. Əhalisi ermənilər yaşayan Lehvaz kəndinə köçürülmüşdür. Hazırda xarabalıqdır. Buğakar piri bu kəndin məşhur ziyarət yeri idi.

Toponim türk dilində “dağ keçidi”, “dar, ensiz, vadi, yarğan”, “dağ ətəyində, çay sahilində düzənlik yer” mənasında işlənən “buk” sözü ilə türk dilində “sıldırım qaya” mənasında işlənən “kar” sözünün birləşməsindən əmələ gəlmişdir.