Budaq Əbdüləli oğlu Budaqov 1928-ci il fevral ayının 23-də İrəvan yaxınlığındakı Uluxanlı mahalının Çobankərə kəndində anadan olmuşdur. 1940-cı ildə həmin rayonun Mehmandar kəndində yeddiillik məktəbi bitirmiş, müharibə illərində Çobankərə kəndində kolxozun briqadir köməkçisi işləmişdir. О, 1947-ci ildə İrəvan şəhər Pedaqoji Məktəbini, 1951-ci ildə isə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini bitirmişdir.
B.Budaqov hələ ali təhsil alarkən kiçik Qafqazın intruziv süxurlarını öyrənən geoloji ekspediyasının tərkibində (1948–1949-cu illərdə) kollektor vəzifəsində işləmişdir. Ekspedisiya Kiçik Qafqazın Ağdərə, Kəlbəcər, Laçın, Qarakilsə (Sisian) rayonlarında çöl-tədqiqat işləri apararkən B.Budaqovda elmi-tədqiqat işinə ilkin maraq oyanmışdır. О zaman verilən Stalin təqaüdü ilə institutu bitirən bu gənc keçmiş SSRİ Coğrafiya İnstitutunun aspiranturasında təhsil almış və 1955-ci ilin may ayında Moskvada “Cənubi-Şərqi Qafqazın Şimal yamacının geomorfologiyası” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Həmin ildə o, Bakıya qayıdaraq Azərbaycan SSR ЕА Coğrafiya İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, Coğrafiya Cəmiyyətinin elmi katibi, Coğrafiya İnstitutunun Fiziki coğrafiya şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır.
Onun Tbilisi şəhərində “Sellərin əmələ gəlməsinə yeni tetonik hərəkətlərin təsiri” (1961), Bakıda “Sellərin əmələ gəlməsinin geomorfoloji üsullarla proqnozlaşdırılması” (1962), yenidən Tbilisidə “Şərqi Qafqazın müasir və qədim buzlaşması” (1963) mövzularında Zaqafqaziya və Ümumittifaq konfranslarında olan məruzələri alimlərin ciddi marağına səbəb olmuşdur.
1967-ci ildə daim axtarışda olan Budaqovun həyatında mühüm hadisə baş vermişdir. Belə ki, o, həmin ildə “Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyası və yeni taktonikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 1969-cu ildə isə professor adına layiq görülmüşdür.
Budaq Budaqovun “Dağların həyatı” (1965), “Əfsanəli dağlar” (1973), “Təbiəti qoruyaq” (1983), “Coğrafiya və kənd təsərrüfatı abidələri” (1980), “Dözümlü-dözümsüz təbiət” (1991), “Təbiət və poeziya” (1992), “Elim, obam mənim” (1984), “Türk uluslarının yer yaddaşı” (1994), ali məktəblər üçün həmmüəllifi olduğu “Ümumi geomorfologiya” dərsliyi (1967, 1986) və orta məktəblər üçün yenə də həmmüəllifi olduğu “Azərbaycanın coğrafiyası” (1983, 1991, 1993) kitabları onun elmi fəaliyyətinin ayrılmaz hissəsidir.
Budaq Budaqov elmi yaradıcılığı ilə yanaşı, demək olar ki, həmişə vəzifələrdə olmuşdur. О, uzun illər Azərbaycan SSR ЕА Coğrafiya İnstitutunun Landşaftşünaslıq şöbəsinin rəhbəri (1967–1986), Azərbaycan SSR Coğrafiya Cəmiyyəti prezidentinin müavini (1970–1990), Azərbaycan SSR Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini (1974–1983), 1986-cı ildə Azərbaycan ЕА Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan ЕА Coğrafiya İnstitutunun Fiziki coğrafiya və xəritəçilik şöbəsinin rəhbəri, 1988-ci ildən Azərbaycan ЕА Coğrafiya İnstitutunun direktoru, 1990-cı ildən Azərbaycan ЕА Coğrafiya İnstitutunun coğrafiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şurasının sədri olmuşdur. О həm də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının plenumunun üzvü idi.
Budaq Budaqov 1976-cı ildə Azərbaycan ЕА müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Bundan əlavə o, ayrı-ayrı vaxtlarda Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika və coğrafiya kafedrasında (1965–1968), Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsində (1969) müəllim kimi fəaliyyət göstərmişdir.
Budaq Əbdüləli oğlu Budaqov 2012-ci ildə vəfat etmişdir.
Mənbə:
Əsgər Zeynalov, İrəvan ziyalıları (Bakı: Oğuz eli, 1999)