Bozabdal

Bozabdal – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 3 km şimal-şərqdə, Pəmbək çayının sol sahilində, Bozabdal dağının ətəyində, dəniz səviyyəsindən 1615 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində “Bzovdal”, Qafqazın beşverstlik xəritəsində “Bzobdal”, “Bzovdərə” kimi qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim türkmənşəli “boz” və “abdal” etnonimlərinin birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Bazum” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°52′ şm. e., 44°26′ ş. u.