Böyük Vedi – keçmiş İrəvan quberniyasının İrəvan qəzasının Vedibasar nahiyəsində kənd, keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində şəhər. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 18 km cənub-şərqdə, Vedibasar çayının yanında, dəniz səviyyəsindən 880 m hündürlükdə yerləşir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Burada 1831-ci ildə 799, 1873-cü ildə 1743, 1886-cı ildə 2110, 1897-ci ildə 2792, 1914-cü ildə 2672 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində kəndi tərk etmək məcburiyyətində qalmış, əhalisi bir müddət İran ərazisində sığınacaq tapmışdır. 1920-ci illərdə Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Burada 1922-ci ildə 1504 nəfər azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1545 nəfər azərbaycanlı, 261 erməni, 1931-ci ildə 1254 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır. 1972-ci ildə burada 5624 nəfər azərbaycanlı və erməni birlikdə yaşamışlar. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində “iki dağ arasında olan uzun çuxur dərə”, “bir çayın axdığı yer, çay yatağı”, “çöl, səhra”, “sahə”, “məkan, yer” mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək “Mets Vedi” formasında işlədilir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli qərarə ilə adı dəyişdirilərək “Vedi” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°54′ şm. e., 44°43′ ş. u.