Böyük Təpəköy

Böyük Təpəköy – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 37 km şimal-qərbdə, Arpa gölün şərq tərəfində, dəniz səviyyəsindən 2027 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kəndin sakinləri qarapapaqlar kimi qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin sakinlərinin azərbaycanlıların etnik qruplarından biri olan qarapapaqlar kimi göstərilir. Kənddə 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 296 nəfər, 1914- cü ildə 357 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci il ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi Qars vilayətinin kəndlərinə qaçmışdır. 1921-ci il Qars müqaviləsindən sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci il Qars müqaviləsinə əsasən kənd Ağbaba nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. Kənddə İrəvan və Gümrü ətafında ermənilərin törətdikləri qırğınlardan canlarını qurtaran azərbaycanlı qaçqın ailələri də məskunlaşmışdır. 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 138 nəfər, 1931-ci ildə 174 nəfər, 1970-ci ildə 772 nəfər, 1987-ci ildə 757 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin oktyabr ayında azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda kənddə əsasən Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar.

Toponim Azərbaycan dilində “kiçik dağ, dağ” mənasında işlənən təpə sözü ilə müasir türk dilində “kənd” mənasında işlənən “köy” sözlərinin birləşməsindən əmələ gəlmişdir. “Böyük” fərqləndirici əlamət bildirir. Sonralar Böyük Təpəköylə yaxınlığındakı Kiçik Təpəköy kəndləri birləşdirilmiş və Təpəkənd adlandırılmışdır.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Berdaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°03′ şm. e., 43°40′ ş. u.