Böyük Şöllü Dəmirçi – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 28 km şimal-qərbdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. 1969-cu ildə keçmiş Zəngibasar rayonu təşkil edilənədək Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonun tərkibində olmuşdur.
Kənddə 1831-ci ildə 338 nəfər, 1886-cı ildə 1318 nəfər, 1922-ci ildə 238 nəfər, 1926-cı ildə 417 nəfər, 1931-ci ildə 453 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1950-ci illərdə zorla Azərbaycana köçürülmüş, eyni zamanda xaricdən gətirilən ermənilər kənddə yerləşdirilmişdir. Kənddə yaşayan 3540 azərbaycanlı ailəsi isə 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim mənsubluq bildirən -lu şəkilçisinin qoşulduğu çol (şol) etnonimindən və dəmirçi türk etnonimindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki “böyük” fərqləndirici əlamət bildirir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Şorlu Dəmirçi”, 25 yanvar 1978-ci tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Daştavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 44°23′ ş. u.