Böyük Şiştəpə

Böyük Şiştəpə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, Arpaçayın sol tərəfində, Kiçik Şiştəpə kəndi ilə üzbəüz, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 40 km şimalda, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftərin”də Şörəyel (Şrüegel) livasında Şiştəpə kəndi gəliri 4000 ağça olan Osmanın adına timar kimi qeydə alınmışdır.

1918-ci ilin may ayında Andranikin komandanlığında erməni silahlı dəstələri Şiştəpə kəndində soyqırım törətmişdir. Qırğınlardan bir neçə nəfər qaçıb canını qurtara bilmişdi. 1920-ci ildən kənddə Türkiyədən gələn erməni ailələri məskunlaşdırılmışdır. Şiştəpə dağının ətəyində türk qəbiristanlığı son vaxtlaradək qalırdı.

Toponim Azərbaycan dilində “dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi” mənasında işlənən “şiş” sözü ilə “kiçik dağ” mənasında işlənən “təpə”sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə dəyişdirilərək “Mets Sepasar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°02′ şm. e., 43°49′ ş. u.