Böyük Sarıyal – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 18 km şimal-şərqdə, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tərkibinə daxil idi. Kəndin başqa adı “Saral” olmuşdur.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.
Toponim fərqləndirici əlamət bildirən “böyük” sözü ilə qədim türk dilində “düzənlik, düz, çöl, sahə” mənasında işlənən “sara” sözü və “dağın döşü, dağın yamacı”, “dağ keçidi, təpə”, müasir Azərbaycan ədəbi dilində “hündür bir yerin təpəsi”, “dikdir”, “yoxuşun başı” mənasında işlənən “yal” sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Mets Sariar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°53′ şm. e., 43°57′ ş. u.