Böyük Şəhriyar

Böyük Şəhriyar – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 10 km cənub-qərbdə, Zəngi (Hrazdan) çayından axan arxın kənarında, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə 1915–1922-ci illərdə Türkiyənin Van, İğdır, Tuzluca və İranın Səlmas əyalətlərindən köçürülüb yerləşdirilmişlər.

Toponim fərqləndirici əlamət bildirən “böyük” sözü ilə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Nalbandyan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°04′ şm. e., 43°59′ ş. u.