Böyük Qaraqoyunlu

Böyük Qaraqoyunlu – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 86 km cənub-şərqdə, Zod kəndinə gedən yolun sağ tərəfindən, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. Kəndin bir adı da “Yellicə” olmuşdur. Qafqazın beşverstlik xəritəsində “Yellicə Qaraqoyunlu” kimi qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 379 nəfər, 1873-cü ildə 408 nəfər, 1886-cı ildə 591 nəfər, 1897-ci ildə 447 nəfər, 1908-ci ildə 505 nəfər, 1914-cü ildə 655 nəfər, 1916-cı ildə 516 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 392 nəfər, 1926-cı ildə 374 nəfər, 1931-ci ildə 488 nəfər, 1939-cu ildə 562, 1959-cu ildə 746, 1970-ci ildə 1130, 1979-cu ildə 1407 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim “qoraqoyunlu” türk etnonimi əsasında əmələ gəlmişdir. “Böyük” fərqləndirici əlamət bildirən sözdür.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Əzizli”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə bir daha dəyişdirilərək “Norabak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 45°52′ ş. u.