Böyük Keyti – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 10 km şimalda, dəniz səviyyəsindən 1740 m hündürlükdə yerləşir. 1937-ci ilə qədər keçmiş Gümrü (Leninakan) rayonunun tabeliyində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı “Keyti”, yaxud “Kaytı” olmuşdur.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay (1828) müqaviləsinə əsasən ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. Ermənilər kəndə 1828–1829-cu illərdə Türkiyənin Qars, Muş və Ərzurum vilayətlərindən köçürülmüşlər.
Toponim türk dilində “meşəsiz dağ yamacının gün düşən tərəfi” mənasında işlənən “kət” və fərqləndirici əlamət bildirən “böyük” sözlərindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Keti” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°53′ şm. e., 43°50′ ş. u.