Böyük Kəpənək – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 32 km şərqdə, dəniz səviyyəsindən 2045 m hündürlükdə yerləşir. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tərkibində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 1877–1878-ci illərdə Türkiyənin Ərzurum vilayətindən ermənilərin köçürülüb kənddə yerləşdirilməsindən sonra və azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən kənddən qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim qədim türk dilində “yapıncı” mənasında işlənən kəpənək sözündən düzələn “kəpənəkçi” etnonimi əsasında əmələ gəlmişdir. Kəpənək sözünə “yapınçı” mənasında “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinir. “Böyük” fərqləndirici əlamət bildirir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Musaelyan” qoyulmuşdur. Hazırda kənd “Erzurum” adlanır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°45′ şm. e., 43°59′ ş. u.