Böyük Gilanlar

Böyük Gilanlar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Qəmərlidən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşir. 1930-cu ildən Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi. “İrəvan əyalətinin icmal dəftərin”də Böyük Gilan, Qafqazın beşverstlik xəritəsində Böyük Gilyanar formalarında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 143 nəfər, 1873-cü ildə 146 nəfər, 1886-cı ildə 194 nəfər, 1897-ci ildə 310 nəfər, 1914-cü ildə 389 nəfər, 1916-cı ildə 272 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan gilanlarlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 120 nəfər, 1926-cı ildə 178 nəfər, 1931-ci ildə 230 nəfər, 1939-cu ildə 339 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Kənd sonradan ləğv edilmişdir.